26-cı Balkan Çempionatında Azərbaycan bayrağı ucaldıldı!

20 Fevral 2021-ci il tarixində Azərbaycan Atletika Federasiya yığma komandası İstanbulda keçirilən, 26-cı Balkan Çempionatında iştirak etdilər. Atletlərimiz üç təkanla tullanma və uzunluğa tullanma növlərində çıxış edərək, ölkəmizi təmsil etdilər.

Atletlər sırasında Tokio Olimpiya oyunlarına lisenziya qazanmış, Avropa çempionumuz Nazim Babayev üç təkanla tullanma növündə layiqli mübarizə göstərərək, ölkə bayrağını ucaltdı.

O, 4-cü cəhdində tullandığı 16.57m nəticə ilə kişilər arasında üç təkanla tullanma növündə birinci yeri qazanaraq, bizi qürürlandırdı. Bəs hazırki, pandemiya şəraitində bu uğuru əldə etmək üçün hazırlıq prosesi necə keçdi?

Pandemiya şəraitində məşq prosesində kifayət qədər maneələr olduğunu nəzərə alaraq, atletimizin məşqçisi Ziyad Xəlfəyevdən, hazırlıq müddəti haqqında münasibətini dinlədik.

“Bu qış mövsumündə iki mötəbər yarışa hazırlaşdıq, onlardan biri Balkan digəri Avropa Çempionatıdır ki, çətinlikdə də olsa əlimizdən gələn hazırlığı görüb, 2019-cu il Qlazgoda keçirilmiş Avropa Çempionatında olduğu kimi ölkə bayrağını qaldıraq. Əsas məqsəd qarşıya qoyduğumuz nəticələri yerinə yetirməkdir, məsələn qış mövsümü üçün 17.20m yay mövsümü üçün isə 17.50m. Təəssüflər olsun ki, pandemiya səbəbindən zalların və qapalı məkanda məşq etmək icazəsi olmadığına görə idmançı soyuqda məşq edərək zədə alması, bizim qeyd olunan məqsədə nail olmaq prosesimizə maneə olur. Təlim məşq toplanışları da hazırlıq prosesinin vacib hissəsidir ki, onu da çox qısa cəmi 1 dəfə edə bildik, bu səbəbdən maksimum dərəcədə idmançını qorumağa, ağır zədələr almasının qarşısını almaq üçün Nazimin bu yarışda  4-cü cəhddən sonra mübarizəni dayandırmağı məsləhət bildik. Ümid edirəm yaxın zamanda ölkədəki vəziyyət nümunə olaraq beynəlxalq yarışlarda, məsələn Türkiyədə olduğu kimi, qapalı məkan olsa da məşq prosesinə və yarışların keçirilməsinə şərait yaradıldığı kimi, bizdə də icazə verilər və bu dəqiqə üçün hədəfimiz olan 2021-ci Avropa Çempionatında daha yüksək nəticələr əldə edərik”

O, həmçinin 2021-ci il üçün ən əsas yarışın Olimpiya Oyunları olduğunu, lakin məşq üçün uyğun şəraitə icazə verilmədiyindən çətinliklər və zədələr yarandığını vurğuladı. Bu barədə daha ətraflı, sevincimizin səbəbkarı atletimiz Nazim Babeyevin də fikrini aldıq

Nazim, mövsümün hazırlığına 2020-ci ilin Noyabr ayından başladığını, lakin məlum səbəbdən açıq havada hazırlıq prosesinin keçdiyinə görə ürək açan olmadığını bildirdi. Xüsusən üç təkan ilə tullanma kimi texniki növün soyuq havada keçirilməsi effektsiz olduğundan, zədələr almağa başladığını paylaşdı.

“Öz üzərimdə çalışıb, zədə almamağa, ruhdan düşməməyə çalışıram və hazırda normal fiziki formada olduğumu düşünürəm. Lakin soyuq  havada məşq və təlim məşq toplanışlarının planladığımız kimi 2-3 deyil, qısa müddətli 1 dəfə olduğuna görə bu yarışdakı çıxışımı qənaət bəxş sayıram. Artıq 4-cü cəhdimdə topuq nahiyyəmdən zədələndim və davam etməyi məqsədə uyğun görməsək də, 16.57m nəticəm qalib olmağıma şərait yaratdı. Bir illik yarış mühitində çıxış etmək fasiləsindən sonra çətin olsa da, bütün gücümü və hazırlığımı istifadə edərək qızıl medal qazana bildim. Zədələr planları alt-üst edir və həkimlər bunun bir başa soyuq şəraitdə məşqlərim ilə əlaqələndirir. Qarşıda Avropa Çempionatında çıxış edəcəm, və ən azı məşqlərdə göstərdiyim performans mənə o yarışda uğur qazanmağıma şərait yaradacağına yönləndirir. Əsas maneə zədələrdir ki, müalicə alıb, yarışa hazırlaşmağı və bayrağımızı ucaltmağı hədəfləyirəm.”

Qeyd edək ki, sözü gedən yarışda həmçinin qadınlar arasında üç təkanla tullanma növündə atletimiz Yekaterina Sarıyeva 13.38m nəticə ilə 4-cü, kişilər arasında üç təkanla tullanma növündə Rüstəm Məmmədov 15.57m nəticə ilə 6-cı, uzunluğa tullanma növü üzrə isə atletimiz Yelena Pextireva 5.58m nəticə ilə 6-cı yeri tutmuşdular.